Yazarlar

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin
 

İslamda Məhdi intizarı 

İslam Peyğəmbəri (s) fani dünyaya vida etdikdən sonra, onun ümməti canişinlik mövzusunda iki dəstəyə bölündü. Bir dəstə iddia etdi ki, canişini təyin etmək camaatın öz öhdəsinə buraxılıb, o birisi dəstə isə bunun Allaha məxsus olduğunu dedilər. Birinci dəstənin nəzərinə görə, İslam Peyğəmbərindən (s) sonra İslama birinci xəlifə camaatın vasitəsilə seçildi. İkinci xəlifəni qabaqkı xəlifə öz vəsiyyəti ilə seçdi. Üçüncü xəlifəni isə altı nəfərdən ibarət olan şuranın öhdəsinə qoydu. Bu fikrə sahib olan dəstə “Əhli-sünnət” adlanır.

İkinci dəstə yuxarıda qeyd olunan seçimlə razılaşmayıb, canişinliyi Allah-Taalanın təyini və Peyğəmbərin (s) vasitəsi ilə seçilməsinə inanırlar. Bu dəstə “İmamiyyə” və ya “Şiə” adlanır.

 

Əhli-sünnət məzhəbində Məhdi intizarı

Qeyd etdiyimiz kimi, sünni məzhəbinin görüşünə görə, İslam Peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra, İslam ümmətinin rəhbəri camaat tərəfindən seçildi. Bundan əlavə, hər kəs hər hansı yolla (zor gücünə olsa belə) rəhbərlik məqamına çatsa, camaatın ondan itaət etməsi vacibdir. Buna görə də rəhbər zalım da olsa, itaəti vacibdir. Tarix boyunca, istər Əməvilərin zamanı olsun, istərsə də Əbbas övladlarının zamanı, bu məzhəbin davamçıları onlardan itaət etmişlər. Baxmayaraq ki, bu inanc onlarda müşahidə olunur, amma insan, fitrətən ədaləti, sülhü və haqqın sorağındadır. Bu məktəbin düzgün saydığı kitabları axtardıqda belə nəzərə gəlir ki, onlar da bir qurtarıcının intizarındadırlar. Nəinki təkcə bu məzhəb, İslam məzhəblərinin hər biri Məhdi (ə) adında birinin zühur etməsinə qətiyyətlə inanırlar. Sünni məzhəbinin alimləri də, bu zühurun baş tutacağına öz etibarlı kitablarında qeyd ediblər.

Sünni alimlərinin məşhur kitablarında Həzrət Məhdi (ə) barədə belə nəql olub:

İbn Kəsir: “ Məhdi, axır zamanda gələcək. Yer üzü zülm və fəsadla dolduğu kimi onu ədalətlə dolduracaq.”

Əhli-sünnətin nəzərində İmam Məhdinin (ə) bəzi nişanələri 

Bu barədə, Əhli-sünnət tərəfindən qeyd olunan bəzi hədisləri nəql edirik:

Həzrət Məhəmməd (s) buyurub: "Adı mənim adımdan olub və Əhli-beytimdən (ə) olan kəs ərəb məmləkətinə sahib çıxmayınca dünya sona çatmaz."

Həzrət Məhəmməd (s) buyurub: “Yer üzü düşmənçilik və zülmə bürünməyincə qiyamət bərpa olmaz. Bu zaman, mənim Əhli-beytimdən (ə) bir nəfər yer üzü zülm və ədalətsizlikdən dolduğu kimi onu ədalətə bürümək üçün zühur edər.”

Həzrət Məhəmməd (s) buyurub: “Əgər dünyanın sonuna bir gün qalmış olsa belə, Allah-taala o günü o zamana qədər uzadar ki, o gündə məndən və ya mənim Əhli-beytimdən (ə) olan bir nəfəri yer üzünü zülmlə dolduğu kimi onu  ədalətə qərq etmək üçün göndərər.”

Əhli-sünnətin Həzrət Məhdi (əc) haqqında olan nəzərləri

•Həzrət Məhdi (ə) elə Həzrət İsa (ə) Məryəm oğludur ki, axır zamanda zühur edəcək.

•Həzrət Məhdi (ə) Abbas ibni Əbdül-müttəlibin övladlarındandır.

•Həzrət Məhdi (ə) Həzrət Məhəmmədin (s) və Həzrət Fatimənin (ə) nəslindəndir. Həzrət İsa (ə) Həzrət Məhdinin (əc) zühuru zamanı ona kömək etmək üçün zühur edəcək. Həzrət Məhdi (əc) namaz qılarkən, H. İsa (ə) onun arxasında namaza duracaq.

•Həzrət Məhdi (əc) İmam Hüseynin (ə) nəslindən yox bəlkə İmam Həsənin (ə) nəslindəndir.

•Həzrət Məhdi (əc) hələ dünyaya gəlməyib, bəlkə axır zamanda dünya gələcək.

 

Şiə məzhəbində Məhdi (əc) intizarı

Şiələrin əqidəsinə görə, Allah-taala  yer üzərini  canişinsiz qoymayıb. İnsanların yaranmaqda hədəfi kamala çatmaqdır. O zamana kimi ki, dünya dağılmayıb, insanların hədəfinə çatmaq imkanı vardır. Ancaq insanların öz kamil olmayan düşüncələrilə hidayət yolunu tapması mümkün deyil. Buna görə də, bizi yaradan və qarşımıza hədəf qoyan Xaliqin hikməti bunu tələb edir ki, hədəfə necə çatacaq yolu da insanlara nişan versin. Sxolastika elmində “lütf qanunu” adlanan əqli dəlildə belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə, insanın hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra müqəddəmələri hazırlamaq və o yüksək hədəfə nail olmaq üçün bəşər övladının ixtiyarına kifayət qədər vəsait vermək (hikmətinin tələbi olaraq) vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir.”

 Tarix boyunca, Allah-taalanın bəndələrini hidayət edəcək elçilər göndərilib. Deməli, Allah-taala insanlara hədəf təyin etməklə yanaşı onlara o hədəfə çatacaq yolunu da göstərmişdir. 

Bəzi islam məzhəblərinin əksinə olaraq, şiələr 124 min peyğəmbərdən sonra yenə də Allah-taalanın yer üzərini İlahi xəlifəsiz qoyduğuna inanmır. Həzrət Əlinin (ə) bu barədə buyurduğu “Nəhcül-bəlağə” də belə qeyd olunmuşdur: “Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. O, aşkara çıxıb tanına, ya da qeybdə məxfi qala da bilər. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır.”

 Onların nəzərinə görə, sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) özündən sonra 12 nəfəri öz nəslindən İslam ümmətinə xəlifə və canişin təyin etmişdir. Hətta onların adını belə öz kəlamlarında söyləmişdir. Bu dəstə, öz iddiasını isbat etmək üçün əziz Peyğəmbərdən (s) nəql olunmuş hədislərə arxalanırlar. Həmin hədislərin bir neçəsi bunlardan ibarətdir:

Onlar bəni-İsrail tayfasının (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdirlər.

Hamısı Qureyş tayfasındandır.

Onların hamısı bəni-Haşimdəndir.

Onların birincisi Əli (ə) və axırıncısı Məhdidir (ə).

Şiələr bu hədislərə söykənərək Həzrət Məhəmmədin (s) Əhli-beytindən (ə) olan 12 nəfərin davamçısı olmağı özlərinə vacib bilmişlər. Baxmayaraq ki, onların çoxu zahiri hakimiyyətə sahib olmamışlar. İslam Peyğəmbərindən (s) sonra ardıcıl olaraq Əməvilərin və Abbasilərin xəlifəlik dövründə, bu 12 imamların hamısı ilə işgəncə və zülmlə davranılıb. Elə ki, onların bəzilərini gənc və bəzilərini isə orta yaşda şəhid ediblər. Bu 12 imamın hakimiyyətə gəlməməsi uğrunda hər cür cinayətə əl atıblar. Kərbəla hadisəsini buna  misal göstərmək olar. Bu işgəncə və cinayətlərə baxmayaraq onlar camaatı gizli və ya aşkar şəkildə düz yola hidayət etməyə çalışıblar. Onların bəziləri ciddi nəzarət altında qalıb, öz tayfası ilə əlaqə saxlaya bilməmişlər. Bu ağır vəziyyətdə, onlar öz dostlarını camaatın lazımı suallarına cavab vermək üçün vəkil təyin edirdilər. 

Vəd verilmiş sonuncu İmam hicri qəməri ilinin 255-ci ilində dünyaya gəlmişdir. Onun adı İslam Peyğəmbərinin (s) adındandır (M Ə H A M M Ə D). Həzrət Əli (ə) İmamın Məhdinin (əc) adının mənası barədə belə buyurmuşdur: “Məhdinin adı Məhəmməddir ona Məhdi deyirlər. Çünki Allah-taala onu kimsənin bilmədiyi gizli işlərə tərəf yönəldir (hidayət edir).” 

Dövrün xəlifəsi onun kim olduğunu bildiyi üçün onu aradan götürməyə çalışırdı. Çünki, İmam Məhdinin (əc) zühuru barədə olan hədislər çox məşhur olmuşdu. O, gəlincə zalımlarla mübarizə edib ədaləti bərpa edəcək. Bu, onların qəlbinə qorxu salmışdı. Buna görə də, o Həzrəti (ə) şəhid etmək fikrinə düşmüşdülər. Beləliklə də, İmam Məhdi (əc) həmişə gözlərdən uzaq qalmışdır.

Kiçik qeybət (gözlərdən gizli qaldığı kiçik müddət)

 Həzrət Məhdi (əc) atası ilə yaşadığı 5 il boyunca, yenə də, gizli şəkildə yaşayırdı. Atası Həzrət Həsən Əsgəri (ə) dünyaya vida etdiyi zaman (260-cı il hicri qəməri tarixi ilə,) Həzrət Məhdinin (əc) kiçik qeybəti başlandı. O, daha çox gözlərdən qeybdə idi.  Onun bu qeybəti 69 il uzandı ki, bu zaman O Həzrət (əc), ancaq xüsusi dörd naibi ilə görüşürdü. Onların adı bunlardan ibarətdir: Osman ibn Səid, Məhəmməd ibn Osman, Hüseyn ibn Ruh və Əli ibn Məhəmməd. İmam Məhdi (əc) kiçik qeybətində ancaq adı çəkilən xüsusi naiblərlə görüşür və şiələrə lazım olan tapşırıqları göndərirdi. Onlar da, İmamın (əc) əmrini şiələrinə çatdırır, xüms və zəkatı toplayıb Həzrətin (əc) göstərişilə sahibinə çatdırırdılar. Həqiqətdə, kiçik qeybət böyük qeybət üçün bir hazırlıq idi. Şiələrini gələcək uzun müddətli qeybətə hazırlayırdı. 

Böyük qeybət (gözlərdən gizli qaldığı uzun müddət)

Nəhayət, İmamın (əc) böyük qeybəti hicri qəməri ili ilə 329-cu ildə başlandı. O həzrətin (əc) qeybəti qeyd olunan zamandan başlayaraq əsrimizə qədər davam etməkdədir. Bu zaman, şiələr özlərini başsız hiss etməyə başladılar. Öz dini və dünyəvi suallarının cavabını kimdən alsınlar? Kimə müraciət etsinlər ki, qiyamət günü Allah-taala qarşısında itaətsizlərdən hesab olmasınlar? İmamın (əc) bu növ qeybəti çox uzun müddətlidir. Artıq o Həzrət (əc) məlum kəslərlə də əlaqəsi saxlamırdı ki, davamçıları onlara müraciət etsinlər. Amma İmam (əc) insanları başsız qoymadı. Onlara müraciət yolunu da göstərdi.

İmam Məhdi (əc) şiələrini öz qeybəti dövründə kimə müraciət edib və kimə itaət etməsi barədə öz etibarlı şiələrindən olan İshaq ibn Yəquba,  Məhəmməd ibn Osmanın vasitəsilə belə bir məktub yazdı. 

“Amma o baş verəcək hadisə zamanı (qeybət zamanı), bizim hədislərimizi nəql edənlərə (hədislərimizdə nəzər sahiblərinə) müraciət edin. Həqiqətən də, onlar mənim sizə olan höccətim və mən də Allah-taalanın sizə olan höccətiyəm.”

İmam (əc) bu məktubla şiələrinə demək istəyirdi ki, bizim hədislərimizdə nəzər sahiblərindən etibarlı şəxslərə müraciət edin. Onlar hədislərimi yaxşı dərk edib və şəri hökmləri onlardan ələ gətirməyə qadirdilər.  İmam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən bir çoxları hədis kitabları yazmışlar. Elə o zamanda da, camaat həmin hədislərə əməl edirdilər. Ancaq həmin hədislərdə gələcəkdə baş verəcək hadisələrdən məlumat yox idi. Elə buna  görə də, İmam Zaman (əc) hədislərdə nəzər sahiblərinə üz tutulmasını əmr etdi. Çünki, onlar hədisdən necə şəri hökmləri əldə etmək qaydalarını bilirdilər. Beləliklə də, İmamın (əc) davamçıları (bir neçə dəstəni istisna etməklə,) onun göstərişinə əməl etməyə başladılar.

Həzrət Məhdinin (əc) zühuru

Allah-taalanın hikməti belə tələb edib ki, İmam Məhdinin (əc) zühurunun vaxtı gizli qalsın. Məsumlardan (ə) bizə çatan hədislərdə o Həzrətin (əc) qiyamının əlamətləri və onun yaşayış tərzi haqqında məlumatlar verilib. Amma heç bir hədisdə nə zaman qiyam edəcəyi   haqqında bir söz deyilməyib. Əksinə, onun zamanını təyin edənləri yalançı adlandırıb. 

İslam Peyğəmbəri (s) bu haqda buyurub: “Zühurun vaxtını müəyyən edən kəslər yalan deyirlər.”

Möminlərin vəzifəsi bu dövrdə ancaq intizarda qalmaqdır. Necə ki, hədisdə deyilir:  “Ümmətimin ən fəzilətli əməli, zühur intizarı çəkməsidir”. Çünki, bu, bir növ Allah-taalaya, Peyğəmbərə (s) və Məsum imamlara (ə) itaət etmək deməkdir. Demək olar ki, möminlər üçün bir imtahandır. Bu yolla, həqiqi səbir edənlər və itaət edənlər məlum olur. İmam Sadiq (ə) insanların İmam Məhdinin (əc) qeybəti dövründə bu duanı oxumasını məsləhət bilib: 

“Ya Allahu, Ya Rəhmanu, Ya Rəhimu, Ya Muqəllibəl qulub, səbbit qəlbi əla dinikə”

Tərcümə: Ey Allah, ey bağışlayan, ey mehriban, ey qəlbləri çevirən mənim qəlbimi öz dininə bağlı elə.

Möminlərin vəzifələrindən biri də budur ki, onlar İmam Zamanın (əc) zühuru üçün özlərini islah etsinlər. Nə qədər ki, Qurani-kərimdə, məsumlardan (ə) nəql olunan hədis və dualarda möminə aid sifətləri özümüzdə hiss etməmişik, bu, islah olmamışıq anlamına gəlir. İmamın (əc) zühur etməsi möminlərdən asılıdır. Əgər İmamın (əc) yetərincə sağlam əməlli dostu və davamçısı olmasa, o Həzərtin (əc) zühuru bir o qədər də gecikəcək. Zühurun mənası budur ki, Onu rəhbər kimi görüb, dediklərinə əməl etməliyik. Əgər İmamın (əc) qeybəti zamanı Allah-taalanın əmirlərinə əməl etmiriksə, zühur etdiyi zaman da, onun göstərişlərinə əməl etməyəcəyik. Çünki, İmamın (əc) sözü elə Allah-taalanın əmirlərini dirçəltməkdən ibarətdir. Buna görə də, bu imtahandan əgər başı uca çıxa bilsək, İmam Zamanında (ə) zühuru zamanı başı uca ola bilərik.

Mahir Məmmədov

Islammektebi.org

About the Author

Mahir Məmmədov