(İnternetdən istifadə barədə bəzi məqamlar)
İnsan övladı yer kürəsinin ən üstün və dəyərli sakinidir. İnsanın daha üstün və daha dəyərli olmasının əsas amili isə ağıl və düşüncəyə malik olmasından irəli gəlir.
İnsan dəyərli bir varlıqdır, çünki o özü ilə ağıl və düşüncə deyilən ilahi bir qüvvənin daşıyıcısıdır. Ağıl və düşüncə nəticəsində bir çox elmi nailiyyətlərə çatan və həyatın hər bir sahəsində inkişaf edən də məhz insandır. Amma belə bir ilahi nemətə malik olmayan, məsələn bal arısı, min illərdir ki, olduğu kimi yaşayır və yaşayışında heç bir dəyişiklik gözə dəymir.
Bu gün, bir çoxlarının, xüsusilə də gənclər və yeniyetmələrin istifadə etdiyi internet də həmin elmi inkişafın bəhrəsidir. Keçən əsrdə ərsəyə gəlmiş internetin sözbəsöz tərcüməsi "şəbəkələrin birləşməsi" deməkdir. Son zamanlar, bu söz, mənasını tamamilə genişləndirmiş və "Ümumdünya kompüter şəbəkəsi" mənasını almışdır. Beləliklə, internet kompüterlər arasında birbaşa əlaqədir. İnternetdə müxtəlif istiqamətlərdə yerləşmiş kompüterlər arasında informasiya mübadiləsi məlumatlar paketinə bölünərək həyata keçirilir.
İnternetin müasir insan həyatında olan rolu və faydaları inkaredilməzdir. Gün ərzində dünyanın istənilən nöqtəsinin ən qaynar xəbərlərini izləmək, dünyanın hər hansı bir yerindən digər yerlərlə canlı əlaqə saxlamaq, hər hansı bir yazı və fikri dünyanın istənilən bir məkanında yaşayanlara çatdırmaq və s. onun bizə yetirdiyi faydalardandır.
Bu yazıda, həmin mövzu barədə deyil, daha çox internetdən düzgün istifadə etməmək nəticəsində yaranan problemlərdən danışmaq istərdim. Bu gün, internetsiz yaşamaq çox çətin bir məsələdir. Onu gündəlik həyatımızdan silmək demək olar ki, əsil ziyan ola bilər.
Əfsuslar olsun ki, bu qədər faydalarla yanaşı, hər gün internet vasitəsilə həyata keçən bir çox cinayətlər və qanunsuz hərəkətlərin şahidi oluruq. Bu, daha çox internetdən istifadə mədəniyyətinə malik olmayanlar tərəfindən həyata keçir.
İstifadəyə verilən bir çox əxlaqsız və porno saytlar, internet oğurluqları, müxtəlif insanların şəkillərinin qanunsuz olaraq bir sıra hədəflərlə montaj edilməsi, digər insanların istifadəçi adı və ona məxsus əlamətlər ilə internet saytları, çat və forumlara daxil olub başqası adından danışmaq, başqalarının e-mail ünvanına göndərilən hədə-qorxu, təhqiramiz və etikadan kənar yazılar, həmçinin, hər hansı bir siyasət, mədəniyyət və din xadiminin montaj edilmiş foto və ya film vasitəsilə alçaldılması və ya müəyyən bir forumda müzakirə obyektinə çevirib haqqında yalan və iftira sözlər yazmaq, müxtəlif xəbər və yazıların müzakirə (şərh) bölməsində yalançı adlarla yazılan cəfəngiyat sözlər, təhqirlər və s. internetdən istifadənin ən pis nümunələrindən sayılmaqla yanaşı internetdən istifadə mədəniyyətinin olmamasından xəbər verir.
Bir də, görürsən ki, hər hansı bir yazarın internet saytlarında yerləşdirilmiş yazısına elmi tərzdə cavab tapa bilməyən və ya hansısa bir yazarı özünə ciddi rəqib görən bəzi şəxslər yalançı və məchul istifadəçi adları ilə həmin yazarın e-mail ünvanına etika və məntiqdən kənar ifadələri ehtiva edən məktublar göndərməklə özünü daxilən rahatlamağa çalışırlar! Bu, əsl həqiqətdə, həmin insanların acizliyinin və yaxud da cahilliyinin nişanəsidir. Çünki, düzgün məntiq sahibləri, elmi zənginliyə, əxlaqi dəyərlərə, geniş dünya görüşə və təhlil qabiliyyətinə malik şəxslər belə çirkin əməllərə əl atmaq əvəzinə, sözünü əsaslandırar, qarşı tərəfin yanlış olmasını elm-düşüncə yolu ilə sübut edər.
Belə bir iyrənc hərəkət, internetdən sui-istifadə etməklə yanaşı, sözün əsil mənasında qorxaqlıq, eyni halda psixi xəstəlik sayılır. Həqiqətə qalsa, doğru söz və fikir qarşısında həqiqəti etiraf etməmək, həmçinin sözü öz adından qarşı tərəfə deyə bilməmək qorxaqlıq əlamətidir.
Lakin belə bir səviyyəsiz işə əl atanın "ali təhsilli" və ya "dindar" olması daha acınacaqlı bir hal sayıla bilər. İslam dinində belə bir işə münasibət mənfidir. Dini mənbələrdə araşdırma apararkən belə bir işin qəti şəkildə haram (günah) olmasını əldə etmək elə də çətin bir məsələ sayılmır. Ali təhsilli və ya dindar bir şəxsin bu kimi hərəkətini müasir dövrün "Cahiliyyət" nümunəsi adlandırsaq əsla yanılmarıq.
İslam təlimlərinə görə, inanclı insan öz sözləri barədə dərindən düşünməli, həyatın hər bir sahəsində məsuliyyət daşımalı və sözünü mərdliklə aidiyyəti olan şəxsin özünə deməlidir. Quran təlimlərinə əsasən, bu dünyada zərrə qədər yaxşı iş görən onun əcrini alacaq, zərrə qədər pis iş görən isə onun cəzasını çəkəcəkdir. ("Zəlzələ" surəsi, ayə: 7-8.)
Unutmayaq ki, "dinə xidmət", "zalımla mübarizə" və ya "haqqı söyləmək" adı altında dinsizlik, zülm və haqsızlıq etməyə icazə verilmir. İslam təlimlərinə görə hər bir doğru işdə və doğru yolda yalnız doğru vasitələrdən istifadə etmək lazımdır.
İnancı olmayan insanın isə ən azı vicdanı olmalıdır. Sözü və ya fikrinin məntiqsiz və yanlış olduğunu gördükdə ya etiraf etməli, ya da heç olmasa susmalıdır. Qarşı tərəfə bir sözü olduqda onu məhz öz adından dilə gətirməlidir. Beləliklə də onun dediyi söz əsaslı olduğu təqdirdə məqbul sayılacaq, əks təqdirdə isə rədd ediləcəkdir. Qarşı tərəfə deyilən söz iftira və yalan olduqda qanun qarşısında məsuliyyət daşımalı olacaqdır.
İnternet mədəniyyətinə malik olmayan bu qəbil şəxslər məhz elmi və məntiqli cavab qarşısında aciz olduqları və iddia etdikləri yalan və iftira sözləri sübut edə bilmədikləri üçün məhz yalançı və məchul istifadəçi adları ilə məktub göndərməyə çalışır və öz daxilində özlərini rahatlamağa çalışırlar! Halbuki, belə bir iyrənc hərəkət insanı rahatlamır, əslində insanın daxilən insaniyyətdən daha da uzaq düşməsinə, daxilində alovun daha çox şiddətlənməsinə gətirib çıxarır.
Öncə qeyd edildiyi kimi internetdən istifadə müasir dövrümüzün zəruri ehtiyacıdır. Lakin bu dəyərli vasitədən düzgün istifadə etmək üçün hər bir insan, hər şeydən öncə düzgün tərzdə maariflənməlidir. Bu qəbil qanunsuz hərəkətlərlə mübarizə sahəsində hər bir saytın rəhbərindən əlavə, hər birimizin üzərinə də müəyyən vəzifələr düşür.
Sayt rəhbərləri də, bu qəbil iyrənc hərəkətlər qarşısında göz yummamalı, internet mədəniyyətinə malik olmayanlara mane olduqları təqdirdə sayt izləyicilərinin azalmasından qorxmamalıdır. Çünki cəmiyyətdə kütləvi cəhalətlə mübarizəni öz qarşısına məqsəd qoyan hər bir sayt ilk növbədə bu qəbil cahilanə rəftarlara mane olmalı, saytlara verilən yazıları mütaliə etmədən yazarın ünvanına nahaq sözlər yazan fırıldaqçı şəxslər üçün münasib şərait yaratmamalıdır.
Həyatımızda elmi tərəqqi və inkişafla mübarizə aparmaq məntiqsiz bir iş sayılır. Bununla bağlı, məntiqli və ağıllı sayılan iş cəmiyyətdə yeni elmi nailiyyətlərin bəhrəsi ilə düzgün davranma mədəniyyətini yaymaq, övladlarımıza onlardan düzgün istifadə mədəniyyətini öyrətməliyik.
İnanırıq ki, məhz belə olacağı təqdirdə, internetdə baş verən bu qəbil mədəniyyətsizliklərin azalmasının şahidi ola bilərik. O günün ümidi ilə...
İlqar İsmailzadə (İlahiyyat elmləri doktoru)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
İslammektebi.org