Yazarlar

Рейтинг:  0 / 5

Звезда не активнаЗвезда не активнаЗвезда не активнаЗвезда не активнаЗвезда не активна
 

 

 

     Hər bir təfəkkürün yayılması və onun beynəlxalq səviyyədə səslənməsi tərcümə vasitəsi ilə  başa gəlir. Mədəniyyətlərin əldə etdikləri nailiyyətləri bir-biri ilə paylaşmaları qədim zamanlardan bu günə kimi tərcümə yolu ilə həyata keçirilir. O cümlədən, hər bir mədəniyyətin əsasını təşkil edən dində, fikir aşılamaq və təbliğ qabiliyyəti məhz tərcümə sayəsində geniş vüsət qazanır. Adi dilmanclıqdan başlayan tərcümə sənətinin ən ali zirvəsi onun incəsənət səviyyəsinə yüksəlişidir. Bu yüksəliş əldə olunduğu təqdirdə, tərcüməçilik geniş kulturoloji əhəmiyyət qazanmış olur. Ancaq bu yazıda tərcüməçiliyin öz-özlüyündə bir incəsənət olmasına yox, onun olduqca praktiki faydasına və bu faydadan bizim dini təfəkkürün məhrum olmasına  diqqət yetirmək istəyirəm.

 

Miladi tarixlə IV əsrdə xristianlığı qəbul edən gürcülər, bu dini qavramaq üçün tezliklə yunan dilində olan əsas dini kitabları ana dillərinə tərcümə etməyə başladılar. Bununla da, tanınmış gürcü alimi Revaz Siradzenin təbirincə desək: "gürcü dilinin xristianlaşması prosesi başlandı". "Dilin xristianlaşmasında" əsas məna gürcü dilində bu dinə uyğun yeni kəlmələrin icad olunması (əlbəttə ki əsasən öz dillərində mövcud olan sözlərdən istifadə edərək) və artıq mövcud kəlmələrə bəzən yeni anlamların yüklənməsi nəzərdə tutulur. Sözsüz ki, yalnız gürcülər deyil, başqa millətlər də bu cür davranmışlar. Məsələn; Bizans İmperiyasında xristianlıq dövlət dini səviyyəsində tanınandan sonra, ibrani dilindən Əhdi-Qədimlə (Tövrat və yəhudiliyin sair müqəddəs kitabları) Əhdi-Cədidin (İncil) yunan dilinə tərcüməsi daha yüksək formada həyata keçirilir. Onlar sonralar artıq özləri əqidələrinə xas kitablar yazmaqla məşğul olsalar da, tərcüməçilikdən əsla əl çəkməyib, əsasən siryani dilində yazılan kitabları, çox vaxt elə müəllifinin sağlığındaca dillərinə tərcümə edirdilər. Beləcə, istər yunanlar, istərsə də gürcülər nəyi əldə etmiş oldular? İlkin mənfəət öz dini ehtiyaclarını aradan qaldırır, xristian aləmində baş verən yeni fikirlərlə tanış olub, onu dərhal tərcümə edərək ümmətə çatdırır və bunun nəticəsində zəngin mədəniyyət yaratdılar. Misal üçün, yunanca orijinalı itmiş kitabların bir çoxu gürcücə tərcümə olunub qorunduğu üçün, gürcülərə bu günün özündə də böyük hörmət və hüsn-rəğbət bəslənilir.

  Göründüyü kimi bir xalq içində bir dinin dirçəlməsi üçün tərcümə çox böyük təsir bağışlamaqdadır. Doğrudan da, başqa bir dildə yazılan kitabı məhz tərcümə ilə özünə doğmalaşdıra bilərsən, öz dilinin aləmində vətəndaşlıq qazandıra bilərsən, əks təqdirdə o həmişə ögey və yad qalacaqdır. Tərcümə bir dilin, dil kimi yaşamasına da müstəsna xidmət göstərir. Bu iş daima "formada" olmağı, yeni və daha da tutarlı söz və sözcüklərin yaradılmasını tələb edir. Bu baxımdan tərcüməçi eyni zamanda dilin yaradıcısıdır da. Çünki, o elə bir kəlmələr də icad edə bilər ki, həmin kəlmələr əsrlərlə yaşaya bilər.

  Başqa xalqlarla müqayisədə bir çox məziyyətlərdə geridə qalmayan (hətta üstünlüyü belə olan) xalqımız təəssüf ki tərcüməçilik sahəsində zəif olub. Qurani-Kərimin və digər həm ali səthli dini kitabların, həm də fəlsəfi səpgili əsərlərin dilimizə çevrilməmiş olmasının çətinliklərini indi daha şiddətli şəkildə yaşayırıq. Halbuki, tutalım 1200 il bundan öncə dilimizə tərcümə etdiyimiz Qurani -Kərimə sahib olsaydıq, fəxarət hissi keçirməyimiz o yana, düşüncəmiz də bu gün üçün misli görünməmiş miqyasda genişlənmiş olardı. Kəlmələrimiz dini motivlə zənginləşərdi, islam aləminin inkişafına öz ana dilimizdə biz də tövhəmizi vermiş olardıq. Yüksək səviyyəli elmi hövzələr, universitetlər yaradardıq və sonunda dəyərli kitablarımızı tərcümə etmək üçün dilimizi öyrənməyə başqaları da ehtiyac duyardılar.

  Yuxarıda söylənənlərə qarşı bəzən belə bir fikir ortaya qoyulur. Məsələn deyilir ki, "bir zamanlar ərəbcə dəqiq bilənlərimiz vardı, orijinaldan oxuyurdular deyə tərcüməyə ehtiyac duyulmazdı" və yaxud "ərəb dilindən uzaqlaşdığımız üçün cahil olmuşuq, indi də kökümüzə qayıtmalıyıq". Bu sözlər emosiya doludur və yalnız təbəssüm doğura bilər. Əvvəla biz ərəb deyilik. "Ərəbcə bilənlərimiz vardı" -ibarəsilə "ümumi kütlənin bilməsi" arasında böyük fərq var. Kütlə heç bir zaman ərəb yaxud başqa dilləri bilməyə məcbur deyil. Hər bir mədəniyyəti, onu təqdim edən xalqın uzun illər boyu mədəni təcrübəsi yaradır. Bununla da, həmin xalq kütləvilikdən və başqa axınlara qarışmaqdan qurtarıb millət şəklinə düşür. Amma sözsüz ki hər bir millət, mənşəyindən asılı olmayaraq, ən başlıcası əsl ilahi dəyərləri yəni; öz dinini mənimsəməyə, həmçinin ardınca başqa ədəbi-fəlsəfi cərəyanlara agah olmağa ehtiyac duyur. Bu durumda, aktiv tərcüməçilik cərəyanı və mədəniyyəti olduqca mühüm təsirə malikdir. Deməli, tərcüməçilik nəinki mədəniyyətlər arasında beynəlxalq əhəmiyyətə malik bir körpü, eyni zamanda milli ruhun formalaşdırıcısıdır.

  Qayıdaq əsas mətləbə. Hər halda, 90-cı illərdən etibarən tərcümə olunmaqda olan Qurani-Kərim və digər mühüm müqəddəs kitablarımız, yüz illər bundan öncə tərcümə olunsaydı, yaxşı olmazdımı? Əgər belə olsaydı, müasir tərcümələr daha yüksək səviyyədə olardı. Biz bir müsəlman ümməti olaraq, dinimizi daha yaxından və dərin araşdıra bilərdik.

  "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabında XX əsrin əvvəllərində ədəbiyyatımıza dair maraqlı araşdırmalar aparıb, bir sıra məqalələr müəllifi olan Salman Mümtaz yazır: "Başqa millətlərdə  hər hansı  mövzularda olursa olsun bir kiçik əsər yazmaq həvəsinə düşən müəlliflər üçün minlərcə məxəzlər, qəzetə və jurnallar tapılır. Amma mən yaxşı-yaman qaraladığım bu cızma-qaranı heçdən meydana qoyuram. Məxəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıq-mırıq yarpaqlar və darmadağın cünglər və bəyazlardır. Qaynaq, mənbə -istoçniklərim isə uçuq, yıxıq qəbir daşları ilə səqfi çökmüş məscid tağları olmuşdur. İstifadə etdiyim qəzetə və jurnallar da qoca kişilərin və çox yaşamış qadınların hafizələri və hövsələləridir. M ə n d ə n    q a b a q  gələn m ü h ə r r i r l ə r d ə n (yazarlardan-O.K. )  bu yolda  b i r    h a z ı r l ı q   g ö r ə n  olsa idi, şəksiz mən bir bu qədər  ç ə t i n l i y ə    u ğ r a m a z d ı m  (hərf ayırmaları bizimdir -O.K.  S. Mümtaz - Azərbaycan ədəbiyyatının qaynaqları; Bakı -1986; səh.26).

   Salman Mümtazın dedikləri tərcüməçilik üçün də keçərlidir. Tərcümə olunduqca sözlər daha da çox təcrübə qazanır, daha da dəqiqləşir deyə, indi müasir dövrümüzdə kitab çevirmək həvəsində olan mütəxəssisimiz əcdadlarımızın həll etdiyi problemlərlə uğraşmayıb, tərcüməçiliklə bağlı başqa məsələlərin həlli ilə məşğul olardı. Tərcüməçilik ənənəsinin (belə ki, sonra bu ənənə məktəbə çevrilir,) olmaması başqa növ fəsadlara da yol açır. Məsələn bu sahədə bir növ dərəbəyilik hakim olur.  Kim haradan gəldi, necə gəldi tərcümə edir. Hərə öz bildiyi sözlərdən istifadə edir deyə məfhumlar arada itib-batır və yaxud da, kəlmələrin əksəriyyəti elə ərəb-fars sözləri kimi də qalır. Nəticədə, mətni anlamaq qeyri-mümkün olur.

 Əlbəttə, tərcüməçilik hamının işi deyil. Bunun üçün lazımlı şəkildə dilçilik təhsili almaq, istedad, səbir, daim yeniliklər sorağında olmaq və çox mütaliə etmək lazımdır. Diqqət etməliyik ki, "universal tərcüməçi" anlayışı yanlışdır. Məsələn, bədii ədəbiyyatın tərcüməsi ilə fəlsəfi və elmi ədəbiyyatın tərcüməsi arasında kifayət qədər fərq mövcuddur. Hətta bədii ədəbiyyatın müxtəlif sahələri arasında da müəyyən fərqlər var. Tərcüməçi, tərcümə etdiyi mətnin əhatə etdiyi sahədə məlumat sahibi olmalıdır. Həmçinin tərcümə etdiyi mətnin müəllifi haqqında lazımı agahlığa malik olmalıdır. Əslində, tərcümə sənəti müəllifin yaradıcılığında sanki iştirakçısı olmaq deməkdir. Buna görə də, əgər bir tərcüməçi, məsələn; İbn Sinanın hər hansı əsərini tərcümə etmək istəyirsə, əvvəlcə həmin əsərin aid olduğu sahədə bilik sahibi olmalıdır. Sonra İbn Sina ilə tanış olub, onun haqqında və tərcümə etmək istədiyi əsər haqqında məlumatlı olmalıdır. Tərcümə zamanı həmin əsərin başqa dillərdə olan tərcümələrini də nəzərə almalı və sonunda tərcüməyə başlamamışdan öncə çevirəcəyi mətni bir neçə dəfə diqqətlə oxumalı, kağıza köçürməzdən əvvəl, müəyyən yerləri beynində tərcümə etməlidir. Bütün bu söylənənlər İbn Sina aləminə daxil olmaq üçün bir vəsiqədir ki, tərcümənin keyfiyyətini qorumaq üçün də böyük əhəmiyyət daşıyır. 

  Beləliklə, məlum olur ki cəmiyyətimizin dinlə bağlı üzləşdiyi problemlərin başlıca qaynağı, aktiv tərcüməçilik cərəyanı kimi danılmaz strukturun bizdə tarix boyu passiv olmasıdır.

 

Oqtay Kazımov

Filologiya elmləri magistri

İv. Cavaxişvili adına Tbilisi Dövlət Universiteti

 

İslammektebi.org

About the Author

Oktay Kazımov

More articles from this author